“Novruz”un tarixi, mahiyyəti və fəlsəfəsi
19 Mart 2021 manshet_novruz_605305920fbc6

 Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla  qarşılayıblar.
    Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz (Yeni gün) adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir.
    Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.
     Su çərşənbəsi – qışın şaxtasından buz bağlayan çayların, baharın ilk  nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə  başlamasına, Od çərşənbəsi – Günəşin torpağı isidərək, onu yaratmaq qabiliyyətinə  hazırlamasına, Yel çərşənbəsi – artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, Torpaq çərşənbəsi – sularla islanıb, Günəşlə isinmiş torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir.
    Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" deyilən lirik şeirlərdə də ustalıqla təsvir və tərənnüm edilir.
    Həmin şeirlərdən seçmələri oxucuların nəzərinə təqdim edirik.

 

İmadəddin Nəsimi

 

 

 

Bahar oldu, gəl, ey dilbər, təmaşə qıl bu gülzarə,
Buraxdı qönçələr pərdə, bəşarət bülbüli-zarə.

Məni mən etmə, ey zahid, güvənmə zikrə, ey sufi
Ki, sən məğrurisən zikrə, mənəm müştaq didarə.

Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,
Satar məşuqə gül hüsnün, xəridar ol bu bazarə. 

Badə içmək rövzədə gər sən dilərsən hur ilə,
Yar əlin tut, bağçaya gir, növbahar oldu yenə.

Mövsümi-novruzu neyistan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Nərgizi gör, cam əlində mey sunar ariflərə,
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.

Çü gördün, güllər açılmış, şərabi-inəb içilmiş,
Buna qarşı biz dəxi nuş etdik, içtik ol cəmdən.

İrəm gülzarı, ey huri, bu mənidən yüzündür kim,
Səkkiz cənnət əyan oldu yüzün baği-bəharından.

 

 

Şah İsmayıl Xətai

 

 

 

 

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Yer geydi qəbayi-xizar puşan,
Cümlə dilə gəldi ləbxamuşan.

Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə fu-fu.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Bülbül oxudu süfati-hicran,
Dəryada dür oldu əbri-neysan.

Durna uçuban həvayə düşdü,
Laçın oluban ovayə düşdü.

Alma ağacı dibindən sayə,
Tən eylər idi buluda, ayə...

Yaşın yerə tökdü əbri-neysan.
Bülbüllər oxudu sədhəzaran.

Mey bəslədi jalə hər vərəqdə,
Turac kitab oxur təbəqdə.
Qum-qum der idi ağacda qumri,
Məst oldu bənəvşə içdi xəmri.

Çıxmış budaq üstə əndəlibi,
Mənbərdə oxur çəmən xətibi.

Cular axıdır çəməndə hər su,
Hərkis gülünün gözündə uyxu.

Lalə oturur başında tacı,
Heç sərvərə yoxdur ehtiyacı.

Sünbül daramış saçın, bəşanə,
Ənbər qoxusun qılır fəşanə.

Cular axadır kənari-bağdan,
Su içməyə ahu gəldi dağdan.

Lalə gecələr yaxub çırağı,
Aşıq cigərinə çəkdi dağı.

Nazilə bəzəndi bağ çərvi,
Sancıb başına dümi-təzərvi.

Güllər vərəqinə doldu şəbnəm,
Çün birgahi-hovzi-abi-zəmzəm.

Al ilə yaşıl geyindi bağlar,
Ağ ləçəyi sərpə saldı dağlar.

 

 

Məhəmməd Füzuli

 

 

 

 

Çəmən bəzəndi çiçəklə gələndə fəsl-i bahar,
Xəzan qəmindən ağaclarda qalmadı asar.
Tilsimi batil olub şaxtanın, düşüb təxtdən,
Gətirdi yoxsa xəzanı yaman gözə ruzgar?
Niqab hazırladı dövran əli qızılgüldən,
Nihan qıldı kədər ol niqabdə rüxsar.
Ağac axar suya tökdü gümüş kimi çiçəyi,
Axar su sail, ağac isə oldu sərvətdar.
Hədiqə Misrinə gül Yusifi rəvan oldu,
Çəmən təvafinə gəldi bulud qətar-qətar.
Qalırsa güzgüdə pasdan küdurətin əsəri,
Cahanda qalmadı qəmdən bir iz, olunca bahar.
Həva gətirdi işə, sehrinin kəmalı ilə,
Cahanı zümrüdə qərq eylədi yaşıllıqlar.
Çəkər gül üzlüləri gülşənə könül eşqi,
Ki sərv meyl edər sərvə, dilbərə dildar.
Gülün lətafəti ilə bəzəndi səhn-i çəmən,
Necə ki ölkəyə zinət verir böyük sərdar.
Növbahar oldu, cahanın yenə xoş dəmləri var,
Bağın al hüsnü gözəl, lalə kimi dilbəri var.
Göy çəmənlərdə çiçəklər verir insana fərəh,
Belə nemətlər ilə fəxr eləsən, çox yeri var.
Gülün eşqilə budaqlar ucalır əflakə,
Öyünür, qürrələnir, çünki belə ziyvəri var.

Nərgis istər ola baş güllərə gülşəndə bu gün,
Bu məram ilə onun başda qızıl əfsəri var.
Yenə cansız ota can verdi təbiət təzədən,
Səfhe-yi səhn-i çəmən aləminin məhşəri var.

Yenə şəbnəmlə yaşıl ot bəzəmiş yer üzünü,
Sanki yerdə fələyin əncəm ü əxtərləri var.
Quru çör-çöplər içində təzə gül zahir olur,
Xilqətin sirrinə bax, gör nə əcəb məzhəri var.
Baharı dostlarımın görməsin xəzan bir dəm,
Xəzanı düşməninin olmasın bir an da bahar!

Hər gün açır könlümü zövq-i vüsalın yengidən,
Gərçi güllər açmağa hər ildə bir Novruz olur.
Bərabər ola yügürməkdə əşhəbü ədhəm.
Çəməndə oxuna hökm-i əyalət-i Novruz,
Misal-i hökmə nisar eyləyə şükufə dirəm.

Füzuli bülbül-i gülzar-i hüsn-i iltifatindir,
Bahar oldu, yenə göftarə təhrik etdi minqari.

 

 

Molla Pənah Vaqif

 

 

 

 

Bayram oldu, heç bilmirəm neyləyim...

Bizim evdə dolu çuval da yoxdur.

Dügüylə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ düşməz, motal da yoxdur.

 

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm, dəxi qoymazlar kəndə.

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

 

Bizim bu dünyada nə malımız var,

Nə evdə bir sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

 

 

Dirili Qurbani

 

 

 

 

Başına döndüyüm, ay qəşəng pəri

Adətdi dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə dər dəstə bağla,

Tər buxaq altına düz bənövşəni.

 

Tanrı səni xoş camala yetirmiş,

Hüsnün görən aşıq ağlın itirmiş,

Mələklərmi dərmiş, göydən gətirmiş,

Hayıf ki, dəriblər az bənövşəni.

 

Başına döndüyüm, bağa gəl, bağa.

O gözəl hüsnündən bağa nur yağa,

Dərib dəstə-dəstə taxar buxağa,

Bənövşə qız iylər, qız bənövşəni.

 

 

Məhəmmədhüseyn

Şəhriyar

 

 

 

 

Bayram yeli çardaxları yıxanda,

Novruz gülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

 

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

 

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Bakıçının sözü, sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

 

Qızlar deyər: "Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə"

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə növruzgülü dərərdi.