Məmməd Araz yaradıcılığı Argentina ədəbiyyat portalında
20 Noyabr 2023 Manshet_6544a25f7de8d-min

Argentinanın populyar “Poemas del Alma” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın ispan dilinə tərcümə edilmiş “Dünya sənin, dünya mənim…”“Əlvida, dağlar!”“Azərbaycan – dünyam mənim” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – İspaniya filoloqları Raul Poggi Alexandro, Eva Kontreras və ispan dili mütəxəssisləri Tutuxanım Yunusova, Aysel Əliyevadır.

Qeyd edək ki, geniş oxucu  auditoriyası tərəfindən izlənilən “Poemas del Alma” portalı mütəmadi olaraq səhifələrində Aleksandr PuşkinAleksandr Düma, Xorxe Luis BorxesAnna AxmatovaMarina SvetayevaXulio KortasarAlberto Moravia kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Məmməd Araz

(1933–2004)

 

·        şair, tərcüməçi;

·       “Sevgi nəğməsi”, “Araz axır”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Oxucuya məktub”, “Yol ayrıcında söhbət” kimi kitabların müəllifidir;

·        S.Mixalkov, M.Svetlov, N.Nekrasov və digər şairlərin şeirlərini Azərbaycan dilinə tərcümə edib;

·        Azərbaycanın Xalq şairi,  “İstiqlal” ordeni, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı kimi fəxri adlara layiq görülüb.

 

 

Dünya sənin, dünya mənim...

 

Bir taleyin oyununda cütləşmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidərsən: pıçıldayır yıxılan, duran,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəhqəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə.

Axşamların, səhərlərin təkəri belə,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm...

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

 

Əlvida, dağlar!

 

Bəlkə, bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal!

 

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

 

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Bulan salamat qal, ax – salamat qal!

 

Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən

Çoban, salamat qal, sağ-salamat qal!

 

 

Azərbaycan – dünyam mənim

 

Azərbaycan – qayalarda bitən bir çiçək,

Azərbaycan – çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin bəbəklərində

Qütb ulduzu, dan ulduzu gözəlləridir.

 

İllər olub – kürrələrdə dəmir olmuşuq,

Sərhədlərdə dayanmışıq küləkdən ayıq.

Od gölündə, buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

 

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca Şərqin duman dünyası.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki…

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.