Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı 2021-ci ilin Azərbaycanda elan olunmuş «Nizami Gəncəvi İli» ilə əlaqədar Meksikada və digər Latın Amerikası ölkələrində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirlər sırasında dahi Azərbaycan şairinin ispan dilinə çevrilmiş əsərlərinin ispandilli ölkələrdə nəşri, yaradıcılığının Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsi ilə onlayn videokonfranslar formatında müzakirəsinin təşkili məsələləri müzakirə edilib.
Səfir: “Dövlət Tərcümə Mərkəzi ilə Meksika səfirliyinin ötən illər ədəbiyyatlararası mübadilələr istiqamətində əməkdaşlığını məhsuldar hesab edirəm. Bu uğurlu iş birliyinin bu il də və gələn illərdə də daha geniş və əhatəli şəkildə müxtəlif formatlarda davam etdiriləcəyinə ümid edirəm”.
Görüşün sonunda qonağa dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabı təqdim olunub.