Amerika Birləşmiş Ştatlarının populyar “All Poetry” və “PoetrySoup” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmiş “Məni candan usandırdı” qəzəlinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış amerikalı tarixçi və tərcüməçi Bernard Lyuisdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “All Poetry” və “PoetrySoup” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Ceyn Ostin, Pablo Neruda, Aleksandr Puşkin kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Məhəmməd Füzuli
(1494-1556)
· XVI əsr dahi Azərbaycan şairi;
· Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifidir;
· görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəyli “Leyli və Məcnun” poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;
· türk, ərəb, fars dillərində onlarla lirik qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;
· əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;
· vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında dəfn olunub.