“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu
17 Mart 2023 manshet__64144f1f52574

Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişafı uğrunda göstərdiyi müstəsna tarixi xidmətlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan dili” kitabını ərsəyə gətirib.

Dövlət başçısının Azərbaycan dilinin milli dəyər kimi qorunub saxlanılması, dövlət dili statusunun qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi istiqamətində imzaladığı fərman və sərəncamlarla yanaşı, müxtəlif görüşlərdə, tədbir və mərasimlərdə dil və ədəbiyyat haqqında səsləndirdiyi fikirləri, nitq və çıxışları toplanmış kitab “Heydər Əliyev Azərbaycan dili haqqında”“Azərbaycan dili rəsmi sənədlərdə”“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı fəsillər, eləcə də siyasi xadimin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin “Fotoalbom” la təqdim edilib.

Nəşrin layihə rəhbəri və ön sözünün müəllifi Xalq yazıçısı Afaq Məsud, redaktoru Yaşar Əliyevdir.

 

TARİXİ MİSSİYA

Hər bir xalqın kimliyini, tarixini, bir millət olaraq fərdiliyini və özünəməxsusluğunu müəyyən edən, keçmişi ilə bu günü və gələcəyi arasında əbədi, qırılmaz körpü yaradan onun dili və bu dili zənginləşdirən, inkişaf etdirən ədəbiyyatıdır. Torpaq və dil qədər Vətəni Vətən edən başqa bir məfhum yoxdur. Biri xalqın coğrafi, digəri mənəvi ərazisidir.

Dili qorumaq, yaşatmaq, inkişaf etdirmək missiyası əsrlər boyu həmin dildə danışan xalqın yetirdiyi böyük tarixi şəxsiyyətlərin üzərinə düşüb. Bu baxımdan bu gün Ana dilimizin tarixinə nəzər salsaq, müxtəlif siyasi-ictimai reformasiya və hadisələrlə zəngin bu təkamül yoluna böyük Heydər Əliyev qədər təsir göstərmiş, Azərbaycan dilinin öz milli varlığını qoruyub saxlaması, ölkənin gerbi, bayrağı, himni timsalında dövləti atributa çevrilməsi uğrunda heç nədən çəkinmədən, usanmaz əzm və cəsarətlə çalışmış ikinci bir simaya rast gəlinmədiyinin şahidi olarıq.

Azərbaycan Dövlət Universitetinin 1969-cu ilin noyabrında keçirilən 50 illik yubileyindəki çıxışı zamanı “Ana dili dövlət qayğısına və ziyalı yanğısına möhtacdır!” – deyən dövlət rəhbərinin hələ sovetlər dönəmində – Mərkəzi hakimiyyətin ayrı-ayrı respublikalara göstərdiyi siyasi-ideoloji təzyiqlərin ən ağır dövrləri sayılan 60-cı illərin sonlarından başlayaraq  davamlı şəkildə yürütdüyü milli dil siyasəti – Azərbaycan dilinin milli dəyər kimi formalaşdırılması, fərdiliyinin qorunub saxlanması, dövlət dili statusu qazanaraq qanunvericilikdə təsbit olunması, işləkliyi və tətbiqi əhatəsinin genişlənməsi, saflığı, zənginliyi və inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli, taleyüklü tədbirlər ölkədə milli azadlıq ruhunun oyanışına, milli özünəqayıdış və özünüdərkə əsaslı təkanlar verməklə yanaşı, milli ədəbiyyatın məna, məzmun və ideya çevrəsinin yenilənməsinə, ədəbi-bədii fikir arealı azadlığına geniş üfüqlər açmışdı...

Azərbaycan yazıçılarının 1997-ci ilin 30 oktyabrında keçirilən X qurultayında çıxışı zamanı Heydər Əliyev həmin dövrü belə xatırlamışdı:

 “Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki mən orada, birinci növbədə, Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur. Bu bizim öz dilimizdir. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyat dili olmuşdu. Amma dövlət dili olmamışdı”.

Ana dilinə olan bu sonsuz bağlılıq, hüdudsuz xalq, millət sevgisi Ümummilli Liderin hakimiyyətə ikinci qayıdışından sonra özünü daha qabarıq büruzə verdi... Azərbaycan dilinin milli, dövləti əhəmiyyətinin ön plana çəkilməsi, aktuallaşdırılması, tədrisi, tətbiqi, tədqiqi ilə bağlı imzalanan neçə-neçə tarixi fərman və sərəncamlar mükəmməl dil quruculuğu konsepsiyasının bünövrəsini qoymaqla yanaşı, dilin inkişafı, məzmun və mahiyyətinin zənginləşməsi, istifadə və ifadə arealının genişlənməsi istiqamətində əsaslı tarixi dəyişikliklər yaratmışdı. 

Azərbaycanın rifahı, çiçəklənməsi, inkişafı, müstəqilliyinin qorunub saxlanması, dövləti dayaqlarının möhkəmlənməsi və sarsılmazlığı uğrunda göstərdiyi müstəsna xidmətləri ilə adı əbədi olaraq tarixin səhifələrinə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin Azərbaycan dilinin bilavasitə ədəbi müstəvisinə – milli ədəbiyyatımıza, onun qorunmasına, inkişafına həssas münasibəti  və qayğısı da xüsusi diqqət çəkir.   

Azərbaycana rəhbər təyin olunduğu ilk illərdən – sovetlər dönəminin ən ağır, ideoloji diktatura dövrlərində milli ədəbiyyatın xalqın ən müqəddəs mənəvi sərvəti olaraq daim diqqət mərkəzində saxlanması, yazıçı və şairlərin yüksək fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi, yubiley mərasimlərinin təşkili, klassik mədəni irsin qorunub saxlanılması və əbədiləşdirilməsi istiqamətində milli və ölkə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi – Molla Pənah Vaqifin və Hüseyn Cavidin məqbərəsinin ucaldılması, İmadəddin Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Aşıq Ələsgərin, Nəriman Nərimanovun abidələrinin açılışı, ev-muzeylərinin yaradılması, Hüseyn Cavidin nəşinin Sibirdən Naxçıvana gətirilərək öz doğma yurdunda dəfn olunması və digər bu kimi taleyüklü addımlar böyük siyasi xadimin xatirəsini xalqın yaddaşında, həm də Azərbaycan dilinin, ədəbiyyatının qoruyucusu, ali himayədarı, “Böyük Ədəbiyyat Adamı” kimi əbədi yaşadacaq.

                                                                                                                                                                                               

                                                                                                                                                                                               Afaq Məsud

                                                                                                                                                                                               Xalq yazıçısı