Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze və mədəniyyət attaşesi cənab Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açılıb. Gürcüstan ədəbiyyatının Azərbaycan oxucusuna yaxından tanıdan “Gürcü hekayələri” kitabının ölkə kitabxanalarına və universitetlərə yerləşdirildiyi, tanınmış gürcü şairi, Çavçavadze mükafatı laureatı Bağater Arabulinin kitabının Azərbaycan dilinə tərcümə edilərək, ötən il nəşr edildiyi bildirilib. Daha sonra Azərbaycan ədəbiyyatının Gürcüstanda tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.
Zurab Pataradze: “Mərkəzin Gürcüstan–Azərbaycan ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi layihələr təqdirəlayiqdir. Tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyətləri arasında mübadilələrin dərinləşdirilməsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Yaxın günlərdə Azərbaycanda qonaq olan Gürcüstan prezidenti, xanım Salome Zurabişvilinin Azərbaycanın Birinci viste-prezidenti Mehriban xanım Əliyeva ilə görüşü zamanı bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul olunub. Biz də səfirlik olaraq, bu sahədə Mərkəzlə sıx əməkdaşlıq etmək niyyətindəyik. Xalqların, ölkələrin milli “mən”i haqqında təsəvvürü musiqidən, milli mətbəxdən çox, məhz onun ədəbiyyatı, düşüncə mədəniyyəti yaradır. Bu mənada gördüyünüz işlər çox əhəmiyyətlidir”.
Görüşün sonunda qonağa Azərbaycan dilində nəşr olunmuş “Gürcü hekayələri” kitabı hədiyyə edilib.