Həyat
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, bir körpənin doğuluşu xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə –
həm də əgər bu, oğlan uşağıysa.
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, “oğlunuz savaşa gedir” xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə –
həm də əgər geri dönəcəyi bəlli deyilsə.
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, “oğlunuz əsir düşüb” xəbəri kimi.
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə
həm də əgər xilasına ümid qalmışsa…
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, “oğlunuz güllələnib əsirlikdən qaçarkən”
xəbəri kimi –
Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.
Hələ vaxt var…
Alatoran… hamı susur…
On yeddi nəfər qalmışıq.
Az sonra – siqnal fişəngindən sonra
ikinci həmlə olacaq qarşıdakı səngərə.
Hələ vaxt var ölənləri saymağa,
sonra bir siqaret yandırıb səni xatırlamağa…
Yadıma düşür, meydan izdihamının içində
düyünləyib hirsimi-hikkəmi,
ən çox da sənə olan sevgimi
yumruq şəklində qaldırmışdım göylərə.
Və o şairin nitqindən sonra
“azadlıq” sözünü üç hecaya bölüb
bağırmışdım bağıra bildikcə –
nə boyunduruqdan, nə də köləlikdən,
səndən azad olmaq üçün.
İstədiyin kimi
İstədiyin kimi oldum
İstədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan,
gülümsəyən gözlərində böyütdün məni
sonra hazır sabahları yaratdım sənin üçün
sən yatmışkən
qaranlıqlardan keçən hazır sabahları,
küçələrdə ölmüş quşlara can verdim,
ayaqlarıma yıxılan yalmanan köpəklərin başını tumarladım
hürməsinlər deyə
ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim
divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım
sabah yenidən oxuyasan deyə.
Bütün səsləri içimə çəkdim, oyanmayasan deyə.
Sonra sənə yuxuları verdim qarma-qarışıq,
Sirrini yalnız mən bildiyim yuxuları
içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar,
rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,
bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi,
sirrini tək mən bildiyim qarma-qarışıq yuxuları verdim sənə
hər sabah onları nəyəsə oxşadasan deyə.
sonra qayıdıb yatağına gəldim, uzun-uzadı üzünə baxdım
və dedim astadan, pıçıltı ilə, istədiyin kimi oldum,
istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan
səni sevdiyim üçün
mən – atasız, utancaq və qorxaq yeniyetmə...