Dövlət Tərcümə Mərkəzində son illər İspaniya və Latın Amerikası ədəbiyyatı üzrə tərcüməsi və nəşri ərsəyə gətirilmiş kitabların təqdim edildiyi “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” adlı bədii-musiqili mərasim keçirilib.
Tədbirdə İspaniya və Latın Amerikası ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri və müvəqqəti işlər vəkilləri – Argentina Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi, Çili Respublikasının müvəqqəti işlər vəkili cənab Ciankarlo Alberti, İspaniya Krallığının müvəqqəti işlər vəkili xanım Patrisia Serrano Sançez, Kolumbiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Luis Fernando Kuartas Ayala, Kuba Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon, Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Venesuela Bolivar Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martines Berroteran iştirak ediblər.
Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq Mərkəzin İspaniya və Latın Amerikası ədəbiyyatının tərcüməsi və nəşri istiqamətində görülən işlərdən, coğrafi ərazi baxımından uzaq olsa da, ruhi, mənəvi baxımdan hədsiz doğma olan bu ədəbiyyata Azərbaycanda olan sevgi və maraqdan danışıb. Xalq şairi Ramiz Rövşən İspaniya və Latın Amerikası ədəbiyyatının dünya ədəbiyyatına böyük təsir qüvvəsindən, Azərbaycan dilində ərsəyə gətirilən əsərlərin bədii tərcümə keyfiyyətindən söz açıb.
Daha sonra İspaniya və Latın Amerikası ölkələrinin rəsmi təmsilçiləri – Argentina, Çili, İspaniya, Kolumbiya, Kuba, Meksika, Venesuela Respublikasının fövqəladə və səlahiyyətli səfirləri və müvəqqəti işlər vəkilləri Dövlət Tərcümə Mərkəzinin İspaniya və Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışaraq, müəlliflərin seçimini – Xuan Rulfo, Pablo Neruda, Qabriel Qarsia Markes, Migel Delibes, Kamilo Xose Sela, Federiko Qarsia Lorka, Xorxe Luis Borxes, Xulio Kortasar, Karlos Fuentes, Oktavio Pas, Migel Anxel Asturias, Mario Varqas Lyosa, Mario Benedetti kimi bəşəri simaların əsərlərinin tərcüməsinə və nəşrinə geniş yer ayırılmasını yüksək dəyərləndiriblər.
Tədbirdə Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdən səsləndirilən parçalarla yanaşı, İspaniya və Latın Amerikası ölkələrinin milli musiqi və rəqsləri, eləcə də milli mətbəxləri təqdim olunub.