Dövlət Tərcümə Mərkəzi Elmi Şurasının növbəti toplantısı olub
8 Noyabr 2019 elmi

 

Toplantını giriş sözü ilə Mərkəzin sədri Afaq Məsud açaraq 2019-cu il ərzində ərsəyə gətirilmiş layihələrdən, görülmüş işlərdən danışıb, dövlət dilindən istifadə və tərcümə işinin təkmilləşdirilməsi istiqamətində Mərkəz tərəfindən həyata keçirilən tədbirlərin nəticələrini, əldə olunan uğurları qeyd edib: “Bildiyiniz kimi, 2015-ci ildən başlayaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi saytlarda yerləşdirilən mətn və materialların dil və tərcümə keyfiyyəti üzrə mütəmadi qaydada monitorinqlər aparılır. Yoxlamalar nəticəsində bu sahədə vəziyyətin son dərəcədə acınacaqlı olduğu, mətn və materialların xeyli sayda dil və tərcümə qüsurları ilə tərtib edildiyi, dövlət dilindən istifadədə kobud qrammatik, leksik, üslub və məna xətalarına yol verildiyi aşkarlanır, qüsurlara dair ekspert rəyləri hazırlanaraq 100-dən çox quruma göndərilsə də, vəziyyət acınacaqlı olaraq qalırdı. Mövcud durumun aradan qaldırılması – dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi mexanizmlərinin qurulmasını, dil və tərcümə sahəsinin müvafiq səviyyədə təşkilini təmin edəcək digər tədbirlərin həyata keçirilməsi zərurətini gündəmə gətirirdi ki, Mərkəz  son bir neçə ildə bu istiqamətdə kifayət qədər müsbət nəticələrə nail ola bildi. Belə ki, ilk addım olaraq, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərin ayarlanması, dillər və sahələr üzrə peşəkar tərcüməçilərin müəyyən edilməsi prosesinə start verildi. İl boyu davamlı şəkildə təşkil olunan “Seçim turları” adlı respublikamiqyaslı, mərhələli test imtahanlarından uğurla keçmiş, Mərkəzin sertifikatına sahib olmuş mütəxəssislərin Məlumat Bazası yaradıldı və prosesin davamı kimi dövlət qurumları adları bazaya daxil edilmiş tərcüməçilərlə bağlı məlumatlandırıldı.

Dövlət dilindən düzgün istifadəni şərtləndirən növbəti zəruri addım – mükəmməl orfoqrafiya vəsaitinin ərsəyə gətirilməsi idi ki, bu boşluq da çevik şəkildə aradan qaldırıldı. Belə ki, səhvlər və yanlışlıqlar dolu orfoqrafiya lüğəti Mərkəz tərəfindən ərsəyə gətirilmiş yeni, mükəmməl “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilə əvəz olundu, nəşrlər dövlət qurumları, eləcə də digər aidiyyətli təşkilatların istifadəsinə verildi. Sevindirici haldır ki, uzun illər, gərgin zehni əmək tələb edən bütün bu işlər, davamlı şəkildə həyata keçirilən tədbirlər bu ildən başlayaraq müsbət nəticələr verməyə başladı. Belə ki, son yoxlamalar bu sahədə vəziyyətin gözəçarpan dərəcədə dəyişdiyini, əvvəlki illərdə xeyli sayda dil və tərcümə qüsurlarının aşkarlandığı bir çox dövlət saytlarının artıq Azərbaycan ədəbi dil norma və qaydalarına uyğun şəkildə tərtib edildiyi, onların ingilis və rus versiyalarında rast gəlinən tərcümə qüsurlarının xeyli dərəcədə aradan qaldırıldığı müşahidə olundu. Beləliklə, uzun illər beynəlxalq internet məkanında ölkə haqqında xoşagəlməz təəssürat yaradan mənzərə, tam olmasa da, aradan qaldırıldı. Eyni dönüş, bu ildən etibarən KİV-də də müşahidə olundu. Əvvəlki illərdə xeyli sayda qrammatik, leksik, üslub və məna xətalarıyla tərtib olunan sayt və portalların, dövlət dilindən istifadə mədəniyyətində irəliləyişlərə nail olunduğu özünü büruzə verməyə başladı. Bütün bunlar, əlbəttə ki, sevindiricidir və əldə olunan uğurların, Mərkəz tərəfindən ərsəyə gətirilən, sözün əsl mənasında böyük zehni əməyin bəhrəsi olduğunu, xüsusi qeyd etməyi vacib bilirəm”.

Daha sonra Mərkəzin 2019-cu ildəki fəaliyyəti, həyata keçirilən yerli və beynəlxalq nəşr layihələri haqqında hesabat dinlənilib.

İdarə Heyətinin sədr müavini Vilayət Hacıyev: “Mərkəz, hər il olduğu kimi, cari ildə də nizamnaməsinə uyğun olaraq, dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada, dünya ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi yerli və beynəlxalq layihələri uğurla davam etdirib.

İlk növbədə dövlət dilindən düzgün istifadəni şərtləndirən, sözlərin düzgün yazılışını təmin edən “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün daha təkmil nəşri çapa  hazır vəziyyətə gətirilmişdir. Belə ki, “Söz hovuzu” proqramı vasitəsi ilə klassik və müasir ədəbiyyat nümunələri, elmi-kütləvi, texniki nəşrlər, KİV-də yer alan materialların elektron versiyası əsasında araşdırma işi aparılmış, hovuzdan yığılan minlərlə yeni söz təhlil edilmiş, 1000-ə yaxın leksik vahid sözlüyün yeni nəşrinə daxil edilmişdir. Eləcə də, dilimizin lüğət tərkibinə daxil olan alınma sözlərin qar­şılığının tapılması üzrə təhlil və müzakirələr aparılmış, bir çox sözlərin Azərbaycan dilində qarşılığı tapılmışdır.  

Dövlət dilindən istifadənin təkmilləşdirilməsi istiqamətində bu il də dövlət qurumları və ali təhsil müəssisələrinin rəsmi saytlarında dil və tərcümənin tərtib keyfiyyəti üzrə monitorinqlər aparılmış, ekspert rəyləri hazırlanaraq, aidiyyəti üzrə göndərilmişdir. Təkrar yoxlamalar bir çox qurumların rəsmi saytlarında bu sahədə ciddi dönüşün yarandığını, mətn və məlumatların, əvvəlki illərdən fərqli olaraq, leksik, qrammatik və tərcümə baxımından müvafiq səviyyədə hazırlandığını aşkarlamışdır.

Eyni səpkili monitorinqlər kütləvi informasiya vasitələri və dublyaj mətnləri üzərində də aparılmış, aşkar edilmiş dil və tərcümə xətaları Mərkəzin aztc.gov.az.Aydınyol.az saytlarında işıqlandırılmışdır. Bu sahədə də aparılan yoxlamalar müsbət nəticələr vermiş, mətn və məlumatların tərtibində gözəçarpan irəliləyişlər müşahidə edilməyə başlamışdır. Dublaj işinin təkmilləşdirilməsinə gəlincə, bu sahədə yaranan boşluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə xüsusi dublyaj kursları təşkil edilmişdir.

Dilimizin təbliği istiqamətində Mərkəzdə təşkil olunan xarici dil kursları ilə yanaşı, Azərbaycan dilinin öyrənilməsinə geniş imkanlar yaradan Azərbaycan dili kurslarına xüsusi önəm verilmiş, ölkədə fəaliyyət göstərən səfirliklərdə, eləcə də digər beynəlxalq qurum və təşkilatlarda  çalışan xarici vətəndaşlar kurslara cəlb edilmişdir.

Mərkəz dövlət dilinin tədrisi sahəsini də diqqətdən kənarda saxlamamış, ümumtəhsil məktəblərinin 1-2-3-cü siniflər üçün “Azərbaycan dili” dərsliklərinin monitorinqini aparılmış, kitabların dil, ümumi məzmun, mətn və tapşırıqların tərtib keyfiyyətinə dair hazırlanan ekspert rəyləri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmiş, iradlar əyani şəkildə Mərkəzin aztc.qov.azAydınyol.az saytlarında işıqlandırılmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, dərsliklərin məzmunu, mətn və tapşırıq mətnlərinin tərtibi, dilin tədrisi ilə bağlı qüsurlara dair iradlara Təhsil Nazirliyi tərəfindən heç bir reaksiya verilməmiş, dərsliklər, olduğu nöqsan və xətalarla bu ilin tədris dövriyyəsinə buraxılmışdır.

Tərcümə işinin təkmilləşdirilməsi işinə gəlincə, dil və tərcümə mütəxəssisləri­nin peşə hazırlığı səviyyəsinin müəyyənləşdirilməsini təmin edən mərhələli Seçim Turları keçirilmiş, turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq, eləcə də digər sahələr və dillər üzrə yüksək bal toplamış şəxslərə Mərkəzin sertifikatı verilmiş,  ölkədə fəaliyyət göstərən tərcümə mütəxəssislərinin Məlumat Bazasının (Reyestr) yenilənməsi işi davam etdirilmişdir. Prosesin davamı olaraq, dövlət qurumları dil və tərcümə işini müvafiq səviyyədə təşkil etmək qabiliyyətinə malik olan mütəxəssislərlə bağlı məlumatlandırılmışdır. 

Mərkəz tərcümənin tədrisi, bu sahədə kadr hazırlığı prosesində də yaxından iştirak etmiş, ADA, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti tərəfindən tərcümə praktikasına göndərilən tələbələrlə müvafiq iş aparılmış, müxtəlif dillər və sahələr üzrə kurslar təşkil edilmişdir.

Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətin­də həyata keçirilən tədbir­lər, şübhəsiz ki, Mərkəzin prioritet fəaliyyət istiqamətləri sırasında qeyd olunmalıdır. Bu il Fransada işıq üzü görmüş irihəcmli “Azərbaycan ədəbiyyatı antologiyası”, nəşrin mart ayında Strasburqun mərkəzi Kitab Evində keçirilən geniş təqdimatı, Belarusda nəşr edilən “Azərbaycan poeziyası antologiyası”, kitabın Minsk Mərkəzi Kitabxanasında keçirilən geniş təqdimat mərasimi, Respublika Prezidentinin fərmanı ilə elan olunmuş “Nəsimi ili”nə töhfə olaraq Moskvada rus dilində işıq üzü görmüş  “И стал Путем Истины я сам” qəzəllər toplusu, kitabın Moskva Yazıçılar Birliyi ilə birgə Mərkəzi Ədiblər Evində keçirilmiş geniş təqdimatı, nəşrlərin xarici ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi milli ədəbiyyatımızın beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən mühüm tarixi hadisələrdir. Qeyd edək ki, Nəsiminin qəzəllər toplusunun yaxın günlərdə ukrayin dilində Kiyevdə nəşr olunacağı, kitabın Ukrayna Yazıçılar Birliyində təqdimatının keçiriləcəyi gözlənilir. Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ problemi, Xocalı soyqırımı, erməni vandalizmi ilə bağlı elmi-siyasi ədəbiyyatların  nəşrinə, bu hadisələrə dair tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına da xüsusi önəm vermişdir. Bu sıradan akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı rus dilinə tərcümə edilərək, Moskvda işıq üzü görmüş, alimin digər əsəri – “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilinə tərcümə edilərək, beynəlxalq kitab sərgilərində təqdim olunmuşdur. Xocalı soyqırımından bəhs edən “Xocalı şahidləri danışır”, eləcə də yəhudi yazarları Əmir və Ayra Qutun faciəni bədii çalarlarla açan “Ağrı” kitabları ingilis, Azərbaycan və rus dillərinə tərcümə və nəşr edilərək, Moskva və ölkə kitabxanalarına yerləşdirilmişdir.

Mərkəz milli ədəbiyyatımızın virtual aləmdə təbliği istiqamətində də kifayət qədər uğurlu layihələr ərsəyə gətirir. “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlanan bu layihə çərçivəsində bu il də klassik və çağdaş ədəbiyyatımız müxtəlif dillərə tərcümə olunaraq, Rusiya, Belarus, Ukrayna, İsrail, Gürcüstan, Misir kimi ölkələrin aparıcı ədəbi portalları vasitəsi ilə beynəlxalq internet şəbəkəsində təbliğ edilmişdir.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği işinin genişləndirilməsi istiqamətində bu ilin əvvəlindən başlayaraq, Mərkəzin 10 xarici ölkədə – İngiltərə, Gürcüstan, Rusiya, Serbiya, Avstriya, Fransa, Almaniya, Ukrayna, Türkiyə və Misirdə yaradılmış nümayəndəlikləri də fəaliyyətə başlayıb. Bu genişmiqyaslı fəaliyyətin daha çevik həyata keçirilməsi məqsədilə Mərkəz hər zaman beynəlxalq təşkilatlarla, xarici ölkələrin respublikamızdakı səfirlikləri, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlığa xüsusi önəm vermişdir. Belə ki, il ərzində Avstriya, Argentina, Meksika, Gürcüstan, İsrail, Misir, Kolumbiya, Yaponiya  kimi ölkələrin səfirləri,  tanınmış dünya yazarları, icma rəhbərləri ilə Mərkəzdə görüşlər keçirilmiş, ikitərəfli əməkdaşlığa dair perspektiv planlar müzakirə edilmiş, ədəbiyyatlarımızın, mədəniyyətlərimizin qarşılıqlı tanıdılması və təbliği istiqamətində yeni layihələrin özülü qoyulmuşdur.

Mərkəzin digər prioritet fəaliyyət istiqamətlərindən olan – dünya ədəbiyyatının Azərbaycanda tanıdılması işi də bu il uğurla davam etdirilmişdir. Tanınmış serb yazıçısı İvo Andriçin  dünyaca məhşur “Drina körpüsü”, Andre Moruanın “Vəsiyyətnamə” əsəri, görkəmli Peru yazıçısı Mario Varqas Lyosanın, dünya şöhrətli alman ədibi Bertold Brextin “Seçilmiş əsərləri” kitabı, müasir Amerika yazıçısı Ella Leyanın “Kimsəsiz səma” romanı Azərbaycan dilinə peşəkarlıqla tərcümə edilərək, nəşr olunmuşdur.

Mərkəzin elmi-kütləvi, maarifləndirici nəşrlərini də qeyd etməliyik.

Bu, ilk növbədə, Nəsiminin 650 illiyi münasibətilə ərsəyə gətirilmiş “Cahana sığmayan Nəsimi” qəzəllər toplusu, Azərbaycanın böyük mütəfəkkiri, siyasi xadim Əhməd Ağaoğlunun həyatını, ictimai-siyasi fəaliyyətini ilk dəfə olaraq bütöv və əhatəli şəkildə əks etdirən irihəcmli “Mən kiməm?” kitabı, tanınmış şairlər – Vaqif  Bayatlı Odərin və Şəhriyar Del Geraninin kitablarıdır ki, bu nəşrlər də öz növbəsində geniş oxucu kütləsinin ixtiyarına verilmiş, ölkə kitabxanalarına və kitab evlərinə yerləşdirilmişdir.

Mərkəzin İnformasiya Departamentinin fəaliyyəti də bu il uğurlu olmuşdur. Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, tarixi ilə bağlı ilboyu təşkil olunan tədbirlər, ərsəyə gətirilən beynəlxalq və yerli nəşrlər, görüş və təqdimatlar, dəyirmi masalar, Qarabağ, 20 yanvar, Xocalı faciəsilə bağlı tarixi həqiqətləri əks etdirən mətn və materiallar qurumun aztc.gov.az saytı vasitəsi ilə 10 dildə beynəlxalq internet məkanında yayımlanmışdır.

 Mərkəzin “Xəzər” dünya ədəbiyyatı dərgisi, dərginin saytı, eləcə də Aydınyol.az saytı ölkədə maarifçilik ənənələrinin qorunub saxlanılması, oxucuların bədii zövqünün formalaşdırılması, dünya ədəbi prosesdən məlumatlandırılması istiqamətində kifayət qədər dəyərli materiallar, ədəbi-publisist əsərlər yayınlamağa davam etmiş,  Achiqkitab.az onlayn elektron kitabxanası – Azərbaycan oxucusunun kitaba, mütaliəyə marağının artırılması, Azərbaycan və dünya kitabxanala­rın­da saxlanılan elmi, bədii, sənədli, tarixi kitabların, lüğət və sözlüklərin ödənişsiz əldə edilməsinə, eləcə də dünya kitabxanalarına ödənişsiz daxilolmalara geniş imkanlar yaratmağa davam etmişdir. 

Bütün bunlardan əlavə, Mərkəz bu il ölkədə ədəbiyyata, mütaliəyə marağın artırılması, kitab, oxu mədəniyyətinin aşılanması, əhalinin müasir milli və dünyəvi ədəbi prosesdən məlumatlandırılması məramı ilə “Kitabla görüş” adlanan yeni maarifləndirici layihəyəyə start verib. Ölkənin ayrı-ayrı regionlarında və mərkəzi şəhərlərində keçiriləcəyi planlaşdırılan layihənin ilk tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutub.

Digər bir tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Mərkəzin, mədəniyyət və incəsənət sahəsində tədrisə kömək məqsədilə ərsəyə gətirdiyi “Pəşəkar aktyorluq dərsləri” (Mixail Çexov), “Dünya dramaturgiyası antologiyası” Artur Millerin, Bertold Brextin “Seçilmiş əsərləri” kitabları, eləcə də digər nəşrlər universitetin müəllim və tələbə kollektivinə təqdim edildi.

Bu layihə çərçivəsində növbəti tədbirin sərhəd rayonlarındakı hərbi hissələrdə, parklarda və digər açıq məkanlarda keçirilməsi planlaşdırılır.

Əlbəttə, hesabat üçün ayrılan qısa vaxt ərzində Mərkəzin bütün fəaliyyətini əhatə etmək, görülən işlər barədə ətraflı məlumat vermək mümkün deyil. Bu səbəbdən hesabatda daha vacib bilinən məqamlar ön plana çəkilib. Ümid edirik ki, müzakirə və çıxışlar zamanı fəaliyyətimizin digər aspektləri də nəzərə çəkiləcək.”

Sonra “Azərbaycan dilinin orfoqrafiya sözlüyü”nün yeni nəşrinə daxil edilməsi vacib bilinən sözlər, eləcə də ali təhsil müəssisələrində ehtiyac duyulan tədris vəsaitlərinin, elmi ədəbiyyatların tərcüməsi və nəşri ətrafında fikir mübadiləsi aparılıb, 2020-ci ilin Tematik planı, Mərkəzin xarici ölkələrdə nümayəndəlikləri ilə iş, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub.   

Toplantının sonunda ölkədə tərcüməçi əməyinin qiymətləndirilməsinə təkan verəcək “Tərcümə sənətinə verdiyi töhfələrə görə xüsusi Fəxri Diplom” adlı mükafat təsis edilib.