İyunun 2-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Milan Ekert və səfirliyin missiya rəhbərinin müavini Daniel Putik Dövlət Tərcümə Mərkəzində olublar.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çex ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çexiya ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
Səfir: “Mərkəzin Çex ədəbiyyatına və dilinə ayırdığı diqqətdən hər zaman qürur hissi duymuşuq. Çex yazarlarının əsərlərinin mütəmadi olaraq “Xəzər” jurnalının səhifələrində işıqlandırılması, Yaroslav Haşek, Karel Sis, İvan Klima, Milan Kundera kimi görkəmli Çex ədiblərinin əsərlərinin Azərbaycan dilinə mükəmməl səviyyədə tərcüməsini və nəşrini təqdirəlayiq hesab edirik. Bu il Praqada işıq üzü görəcək “Azərbaycan ədəbiyyatı antologiyası”nın Çex ədəbi mühitinə, Çex–Azərbaycan ədəbi-mədəni əlaqələri sahəsinə çox dəyərli töhfə olacağını düşünürük və səfirlik olaraq Mərkəzlə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsini məqsədəuyğun hesab edirik. Azərbaycanın klassik və müasir ədəbiyyatının Çex oxucusuna yaxından tanıdılmasına, sözün əsl mənasında, böyük ehtiyac var”.
Görüşün sonunda səfirliyin adından Mərkəzə Praqanın qədim memarlığını əks etdirən, nəfis tərtibli “Praqa” və “Praqa əfsanələri” kitabları hədiyyə edilib.