“Cahana sığmaz Nəsimi” qəzəllər toplusu işıq üzü gördü
26 Sentyabr 2019 nesimi_kitab

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş  “Cahana sığmaz Nəsimi”  kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.

Nəsimi cizgilərini və dövrünün mənzərələrini əks etdirən illüstrasiyalarla tərtib olunmuş kitaba şairin 300-dən çox qəzəli daxil edilib.

Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Paşa Əlioğludur.

Ön sözdən:

“Möhtəşəm ədəbi irsi, mütərəqqi, humanist ideyaları, dönməz şəxsiyyəti, amalı uğrunda fədakar mübarizəsi, dəyanəti, əqidə şəhidi olması böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adını bütün Yaxın və Orta Şərq xalqları ədəbiyyatında əbədiləşdirmiş, ona dünya şöhrəti gətirmişdir. 680-ci ildə İmam Hüseynin, 922-ci ildə Həllac Mənsurun, 1394-cü ildə Fəzlullah Nəiminin əqidə uğrunda fədakarcasına ölümündən sonra Nəsiminin 1417-ci ildə Hələbdə vəhşicəsinə qətlə yetirilməsi ideya və əqidə şəhidliyinin misilsiz nümunəsi kimi dildən-dilə keçərək əfsanələşdi. Orta əsrlərin yazılı mənbələrinin, təzkirələrin göstərdiyi kimi, Nəsimi üç dildə – türk, fars və ərəb dillərində dərin məzmunlu, yüksək bədiiliyi ilə seçilən əsərlər yazmış, bütün  Yaxın və Orta Şərqdə dahi şair kimi böyük nüfuz qazanmışdı. Lakin, əlbəttə ki, şairin ən böyük xidməti dilimizin ən müxtəlif fikirləri ifadə etmək imkanlarını genişləndirməsi və anadilli şeirimizi yüksək zirvəyə qaldırması idi...”