İşin davamı olaraq 2017-ci ildə yığcam ofroqrafiya vəsaiti – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” (ADTM) ərsəyə gətirildi, kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə də, ümumilikdə dövləti və milli əhəmiyyət daşıyıcısı olan nəşr üzərində iş dayandırılmadı. Mərkəzin özəl söztoplayıcı “Söz hovuzu” proqramı vasitəsilə “Açıq kitab” elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatlardan söz yığımı prosesi davam etdirildi.
Məlum olduğu kimi, statusundan, çalışdığı sahə, yaxud fəaliyyət spesifikasından asılı olmayaraq, hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını daşıyan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” elə bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi dilinin söz ehtiyatını müəyyən etdirməklə yanaşı, sözləri vahid düzgün yazılış qaydasında mükəmməl şəkildə təqdim edə bilsin. Məhz bu zərurətlə ərsəyə gətirilmiş yeni orfoqrafiya lüğətimiz müasir və qədim Azərbaycan sözlərinin, gündəlik həyatımızda işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafıya Normaları”na uyğun tərtib edilib və əvvəlki lüğətlərdən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
– yazılışı əvvəlki orfoqrafıya lüğətlərində iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında verilib;
məs.: (ağırdma – ağrıtmaq) ağrıtmaq; (altın – altun) altun; (bastalama – basdalama) basdalama; (cantıraq – cantaraq) cantaraq; (çömmə – çönmə) çönmə; (eletorat – elektorat) elektorat; (ədvə – ədva – ədviyyə) ədviyyə; (əfıl – əfəl) əfəl; (katric – kartric) kartric; (kollej – kollec) kollec; (qaboy – qoboy) qoboy; (qrov – qırov) qırov; (tisək – çisək) çisək; (yornuq – yorğun) yorğun və s.;
– yazılışı səhv verilmiş minlərlə söz və terminlər düzgün yazılış qaydasında verilib;
məs.: abturator – obturator, avitexnik – aviatexnik, beta-karetin – beta-karotin, bakal – bokal, əntiqəçi – əntiqçi, farmasept – farmasevt, fazmetr – fazometr, feldeger – feldyeger, fiktif – fiktiv, indoksikasiya – intoksikasiya, qastreloq – qastroloq, qətlan – qəltan, sıxımtı – sıxıntı və s.;
– minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri saxlanılıb;
məs.: abid, abgərdan, bivec, bivəfa, əcza, əczaxana, amal, badə, baməzə, qibtə, xəttat, polk, naryad, əcəm və s.;
– minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar saxlanılıb;
məs.: əbədiləşdirilmə, gərginləşdirmə, kamilləşdirmə, yaşıllaşdırma, terminləşdirmə, tarazlaşdırma, sabitləşdirilmə, sxemləşdirmə, yekunlaşdırılma, ucuzlaşdırılma və s.;
– minlərlə məhdud sahəvi termin və dərman adlarından yalnız işləkləri saxlanılıb;
məs.: amper, amplitud, akvatoriya, semantika, leksika, karotin, kovalent, sekresiya, tarif, inflyasiya, saldo, qravitasiya, ionosfer, funksiya və s.;
– mindən çox lüzumsuz səs təqlidləri və onlara aid törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb;
məs.: cikkilti, cingilti, çıqqıltı, dırıltı, şırıltı, tıqqıltı, taqqıltı, uğultu, gurultu, vıyıltı, qaqqıltı və s.;
– mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib;
məs.: barmaqça (üzük), çalkeçir (məhəccər), köynəkcək (çılpaq), salaca (xərək), qulan (dayça), tirbənd (hasar), keçənəcək (güzəran), toqqac (alət), kaha (mağara), qoxarca (zool.), kəngiz (bot.), kərənay (mus.) və s.;
– eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər qısaldılmış izahlarla verilib;
məs.: abses (tibb) – absis (siyas.); apostel (hüq.) – apostol (xrist.); açıqca (aşkar) – açıqça (polq.), amplua (inc.) – ampul (tibb); atlas (xəritə) – atlaz (parça); dəfinə (xəzinə) – dəfnə (bot.); klon (genet.) – kloun (sirk) – kulon (zinət) və s.;
– lüğətin son bölümləri – “Azərbaycan Respublikasının coğrafi adları” və “Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafıya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları” və “Azərbaycanın xalça adları” bölmələri əlavə edilib;
– və nəhayət, lüğət yuxarıda nümunələri verilmiş 40 000-ə yaxın söz quramaları, eləcə də lüzumsuz söz hallandırmalarından təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış aydın, uca, önəm, qamçı, məhrək, sağın, qavram, buzlaşma, çivzə, əlkimyagər, ənsə, əntiqçi, güvən, həmmüəllif, ilginc, maya, nəmər, ödəyici, köçkün, sağalmaq, nübar, şor, ucbat, qahmar və s. kimi 9000-ə yaxın Azərbaycan sözü, eləcə də elm, mədəniyyət, texnologiya, idman, məişət, siyasət və s. sahəsində işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, deltaplan, etno-caz, filmoqrafiya, fotosessiya, xoreoqraf, manşet, salat, islamofobiya, melanxoliya, merkantil, multikulturalizm, piar, pilates, pin-kod, prelüd, publika, ironiya, seysmoloq və s. kimi terminlərlə zənginləşdirilib.
Beləliklə, Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (ADTM – 2020) istifadəçilərinin ixtiyarına hələ ki 65 min sözlə verilir. Əminik ki, yeni lüğətimiz dilimizin lüğət fondu ilə yanaşı, yazı və şifahi nitq mədəniyyətimizin təkmilləşdirilməsi işinə də öz töhfəsini verəcək. Bunu da qeyd etməyi vacib bilirik ki, Mərkəz lüğətin təkmilləşdirilməsi işini daim davam etdirəcək və bu sahədə hər bir səmərəli təklifə açıq olacaq.