“Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında
13 Sentyabr 2021

IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib.

   Tədbiri Dövlət Tərcümə Mərkəzinin Ukrayna təmsilçisi Marina Qonçaruk açaraq, Ukrayna-Azərbaycan ədəbi əlaqələrindən, Mərkəzin bu sahənin inkişafına verdiyi töhfələrdən, Nizami Gəncəvinin ədəbi irsinin tərcümələrindən və Ukrayna alimləri tərəfindən aparılan tədqiqatlardan bəhs edib.

    Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndəsi Nəcəf Əhmədov Ukrayna və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edən tədbirin əhəmiyyətindən danışıb.

      Daha sonra ukraynalı məktəblilər “Leyli və Məcnun” əsərindən parçaları səsləndirib.

    Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin ukrain dilində Ukraynada ərsəyə gətirdiyi – “Müasir Azərbaycan poeziyası antologiyası”İmadəddin Nəsiminin “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvanın “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”) və Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabları sərgilənib.

    Qeyd edək ki, “Dnepr Book Space” – Ukrayna kitab nəşri sahəsində innovasiyalara geniş imkanlar yaradan yeganə və ən böyük kitab festivalıdır. Beynəlxalq festival Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukrayna Dövlət Televiziyası və Radio Yayımları Komitəsi, Kiyev Şəhər Dövlət İdarəsi, Ukrayna Kitab İnstitutu, Ukrayna Nəşriyyatçılar Birliyi tərəfindən təşkil olunub.